ELM VƏ TƏHSİL
Zəngilan lətifələri – folklorumuz üçün dəyərli töhfə
Bakı, 13 iyul, AZƏRTAC
Zəngilan Rayon Ağsaqqallar Şurası sədrinin müavini Asif Bağırovun “Doğma yurda qayıtmaq istəyinə boy verən Zəngilan lətifələri” kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, şair-publisist Salam Cavadlının redaktorluq etdiyi kitabda zaman-zaman ağızdan-ağıza gəzən canlı lətifələr, olmuş əhvalatlar, sahibi tanınan deyimlər toplanıb. Kitab görkəmli şəxsiyyətlərlə yanaşı, sadə insanlarla bağlı şux lətifələr, şən zarafatlar, maraqlı əhvalatlar, yerində verilmiş sərrast cavablar toplusudur. Lətifələrin əksəriyyətinin yaranma tarixi işğaldan əvvələ təsadüf etsə də, yazıya köçürülməsi 2000-ci illərə aiddir.
Nəşrə daxil edilən 200-ə yaxın lətifənin hamısı real həyat hadisələridir və işğal olunmuş rayonun tarixi keçmişi, ictimai həyatı haqqında geniş məlumat verən mənbə kimi diqqəti cəlb edir. Kitabda lətifə iştirakçılarının, o cümlədən ziyalıların şəkilləri də verilib.
Zəngilan lətifələri, həm də folklorumuzun zənginləşməsi üçün dəyərli töhfədir.