İQTİSADİYYAT
“Zenith Energy Ltd.” “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlar blokundan ilk nefti hasil edib
Bakı, 25 avqust, Nihad Budaqov, AZƏRTAC
Kanadanın “Zenith Energy Ltd.” şirkətinin törəməsi “Zenith Aran Oil Company Limited” tərəfindən Azərbaycanın quruda yerləşən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokdan hasilatın pay bölgüsü sazişi çərçivəsində ilk nefti hasil olunub. Blokdan gündəlik təxminən 300 barrel neft hasil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Qeyd edək ki, bu il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.
Sazişdə “Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.
“Zenith Aran Oil Company Limited” bütövlükdə “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir.