İQTİSADİYYAT
“Zenith Energy” “Muradxanlı” yatağındakı “M-195” quyusunun əsaslı təmirinə başlayıb
Bakı, 10 fevral, Nihad Budaqov, AZƏRTAC
Kanadanın “Zenith Energy Ltd.” şirkətinin törəməsi “Zenith Aran Oil Company Limited” tərəfindən Azərbaycanın quruda yerləşən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokdakı “M-195” quyusunun əsaslı təmirinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, Muradxanlıdakı “M-195” və “M-45” şirkətin “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlar blokunda geoloji-texniki tədbirləri nəzərdə tutan proqramı üzrə təmiri planlaşdırılan ilk iki quyudur.
Xatırladaq ki, keçən ilin avqustunda “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokdan hasilatın pay bölgüsü sazişi çərçivəsində ilk neft hasil olunub.
Qeyd edək ki, 2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.
Sazişdə “Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.
“Zenith Aran Oil Company Limited” bütövlükdə “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir.