REGİONLAR


Zərdab: hədəf gələn il barama istehsalını 50 tona çatdırmaqdır

Zərdab, 8 avqust, AZƏRTAC 

Barama, tütün və fındıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin nitqində qarşıya qoyulan vəzifələrlə bağlı avqustun 8-də Zərdab Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev çıxışında diqqəti Prezident İlham Əliyevin nitqində irəli sürülən konkret vəzifələrə cəlb edərək, 2017-ci ildə rayonda baramaçılıq sahəsində görülən işlər və qarşıda duran perspektivlər barədə məlumat verib. Bildirib ki, son illərdə respublikamızda baramaçılığın inkişafına dair dövlət başçısı tərəfindən verilən tapşırıqlar, qəbul olunan qərarlar Zərdab rayonunda baramaçılığın dirçəlməsinə böyük təkan verib. Zərdablı baramaçılar uzun fasilədən sonra 2016-cı ildə bu işlə məşğul olmağa başlayıb və 5710 kiloqram barama tədarük ediblər.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, 2016-cı ildə Zərdabda səfərdə olarkən dövlətimizin başçısının rayonda barama tədarükünün ən azı 3 dəfə artırılması ilə bağlı tapşırığı zərdablıların məsuliyyətini qat-qat artırıb və cari ildə baramaçılar daha yaxşı nəticə göstərərək 24 ton proqnoz tapşırığa qarşı 27 tondan çox barama tədarük ediblər. Bu nəticə 2016-cı ilə nisbətən təqribən 5 dəfə çox olmaqla, respublikada əldə olunan ən yüksək göstəricidir. 700 nəfərə yaxın rayon sakini mövsümi işlə təmin olunub, baramaçıların ailə büdcəsinə 240 min manatdan çox vəsait daxil olub. Prezidentin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Sərəncamı ilə yaş baramanın hər kiloqramına görə baramaçılara subsidiyanın verilməsi, xarici ölkələrdən gətirilən tut tinglərinin yerlərdə əkilməsi baramaçılığın inkişafı üçün çox böyük stimul yaradıb. Təkcə 2016-cı ildə Zərdab rayonu ərazisində 260 mindən çox tut tingi əkilib ki, bu da yaxın illərdə daha yüksək səviyyədə barama istehsalı üçün yeni imkanlar yaradacaq. Hazırda rayonun kümçüləri 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq məqsədilə yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görürlər. 2018-ci ildə rayonun baramaçıları 50 tona yaxın yaş barama tədarük etmək əzmindədirlər.

Müşavirədə çıxış edənlər ölkəmizdə kənd təsərrüfatının, xüsusən pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Baramaçılar çıxışlarında Zərdab rayonunda ipək kombinatının yaradılması, qurd diriltmə məntəqələrinin açılmasını və yerli tut tinglərinin əkilməsi üçün baza yaradılması təkliflərini veriblər.

Sonda 2017-ci ildə rayon üzrə ən yaxşı nəticə göstərən kümçülərə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.