REGİONLAR
Zərdab məktəbliləri ümummilli lider Heydər Əliyevin irsini öyrənirlər
Zərdab, 21 noyabr, Adil Ağayev, AZƏRTAC
Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun XI sinif şagirdləri üçün Heydər Əliyevin irsinə həsr olunmuş növbəti məşğələ keçirilib.
AZƏRTAC xəbər verir ki, dərsdə şəhər 2 saylı, Gəlmə kənd tam orta və Bəyimli qəsəbə tam orta məktəblərinin ümumilikdə 56 şagirdi iştirak edib. Gəlmə kənd tam orta məktəbinin tarix müəllimi Rasif Qaçayevin apardığı məşğələdə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları tədris edilib.
Qeyd olunub ki, müasir Azərbaycan tarixi, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəliş və sürətli inkişaf görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümumən Azərbaycanın 1969-cu ildən sonrakı dövrü xalqımızın şüuruna Heydər Əliyev dövrü kimi əbədi həkk olunub. Bu da təsadüfi deyil. Xüsusilə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər böyük fədakarlıq və əzmkarlıqla Azərbaycanı bir çox təhlükələrdən xilas edib, ictimai-siyasi sabitliyi təmin etməyə nail olub, ölkəni inkişaf yoluna çıxarıb.
Dərsdə Prezident İlham Əliyevin əsası Ulu Öndər tərəfindən qoyulmuş daxili və xarici siyasət kursunu layiqincə davam etdirdiyi konkret faktlarla şərh edilərək bildirilib ki, 2003-2013-cü illərdə Azərbaycanın siyasi nüfuzu xeyli güclənib, ölkəmiz 2011-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Dərs prosesində şagirdləri maraqlandıran suallar cavablandırılıb. Məşğələdən sonra məktəblilər Heydər Əliyev Mərkəzindəki sənəd və fotoşəkillərlə tanış olublar.