REGİONLAR
Zərdab rayonunun daha iki kəndinin sakinləri təbii qazdan istifadə etməyə başlayıblar
Zərdab, 27 noyabr, Adil Ağayev, AZƏRTAC
Zərdab rayonunda daha iki yaşayış məntəqəsinə - Hüseynxanlı və Xanməmmədli kəndlərinə təbii qaz verilib.
Bunun üçün kəndlərdə 14 min 486 metr daşıyıcı və paylayıcı kəmər çəkilib, ümumilikdə, 161 evdə sayğac quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 27-də bu yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi münasibətilə mərasim keçirilib. Çıxış edənlər sakinlərə təbriklərini çatdıraraq Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrin, o cümlədən Zərdabın sosial-iqtisadi inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, ən ucqar yaşayış məntəqələrində belə reallaşdırılan sosial layihələrdən danışıblar. Rayonda artıq 12 kəndin təbii qazla təmin olunduğu bildirilərək yaxın illərdə bütün yaşayış məntəqələrinin qazlaşdırılacağı, bu istiqamətdə hazırda ciddi işlərin aparıldığı diqqətə çatdırılıb.
Mərasimdə kənd ağsaqqalları çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Kəndlərə təbii qazın çəkilişində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr verilib.
Sonda “mavi yanacağ”ın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.