REGİONLAR
Zərdab və Ucarda hazırda hər gün 15-20 ton pambıq yığılır
Zərdab, 7 noyabr, AZƏRTAC
Son günlər havaların əlverişli keçməsi nəticəsində Zərdab və Ucar rayonlarında pambıq yığımı sürətləndirilib.
Zərdab Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda hər gün tarlalara 700-800 işçi çıxır və orta hesabla 18-20 ton pambıq yığılır. Rayonun daha çox pambıq əkilən Bəyimli, Körpükənd, Dəkkəoba və bir sıra ərazi vahidlərində yığım daha sürətlə aparılır.
Cari mövsümdə Zərdabda 832 hektar sahədə pambıq yetişdirilib. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, artıq 612,3 ton məhsul yığılıb.
Ucar rayonunda isə 510 hektar sahədə pambıq yetişdirilib. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, hər gün tarlalara orta hesabla 400-450 işçi çıxır, gündə 15-18 ton məhsul yığılır. Hələlik 302 ton pambıq toplanıb. Daha çox pambıq əkilən Yuxarı Şilyan, habelə Şahlıq, Lək, Xələc ərazi vahidlərində məhsul yığımı mütəşəkkil aparılır.