REGİONLAR


Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2,5 milyon manat güzəştli kredit verilib

Bakı, 27 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 27-də Zərdab rayonunda keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2,5 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, taxılçılıq, otel tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 90-dan çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 528,3 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində fond tərəfindən Zərdab rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, pambıqçılıq, iri fermer və bağçılıq təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 910 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 67,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2700-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Tədbir çərçivəsində Zərdab rayonunda güzəştli kredit ayrılmış çörək zavoduna baxış keçirilib.

Qeyd edək ki, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən gündəlik istehsal gücü 836,6 ton olan 31 müasir çörək zavodunun yaradılmasına 55 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.