REGİONLAR
Zərdabda 10 min hektar ərazini suvaracaq yeni kəmər çəkilir
Zərdab, 24 aprel, AZƏRTAC
Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində 10 min hektar torpağı suvarma suyu ilə təmin edəcək kəmərin çəkilişi başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, layihə “Azərsu” ASC-nin sifarişi əsasında 7 tikinti şirkəti tərəfindən həyata keçirilir. Layihəyə əsasən, Kür çayından 15 min 112 metr məsafədə boru xəttinin çəkilişi və mənsəbdə təzyiqqırıcının tikintisi işləri başa çatdırılıb. İndi nasosxanada nasosların montajı və suqəbuledicinin betonlanması işləri davam etdirilir.
Hazırda Kür çayının sol sahilində suqəbuledici stansiyanın tikintisi aparılır. Stansiyanı elektrik enerjisi ilə təmin etmək məqsədilə 81 ədəd yüksəkgərginlikli elektrik dirəkləri basdırılıb, 6500 metr elektrik hava xətti çəkilib. Ərazidə transformator binasının tikintisi davam etdirilir.