REGİONLAR
Zərdabda 10 min hektar sahənin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
Zərdab, 19 aprel, AZƏRTAC
Kənd təsərrüfatı Zərdab rayonunda iqtisadiyyatın aparıcı sahəsidir. Təsadüfi deyildir ki, cari ilin ilk üç ayında rayon iqtisadiyyatının əsas sahələrində 15 milyon 835,3 min manatlıq məhsul istehsal edilib ki, bunun da 8 milyon 302,9 min manatı və ya 52,5 faizi aqrar sektorun payına düşür. Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq ixracyönümlü məhsulların istehsalının artırılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Zərdabda da artıq ciddi tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə Zərdabda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında danışılıb.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafı ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, artıq cari mövsümdə 3100 hektarda pambıq əkini üçün əlverişli və münbit torpaq sahələri müəyyənləşdirilib, səpinə tam hazırlanıb. Bu günlərdə çiyid səpini kampaniyasına başlanılıb və mütəşəkkil davam etdirilir.
Məruzədə və müzakirələrdə kənd təsərrüfatının əsas sahələrindən olan taxılçılıqla bağlı işlər də geniş təhlil edilib. Göstərilib ki, bu ilin məhsulu üçün 19 min 753,5 hektar sahədə payızlıq taxıl əkilib, əkin sahələrinə lazımi aqrotexnki qulluq göstərilib. Bu günlər biçinə hazırlıqla əlaqədar kombaynların, eləcə də digər nəqliyyat vasitələrinin təmirinə başlanılıb.
Heyvandarlıq sahəsində də nəticələr uğurlu olub. Birinci rübdə mal-qaranın və davarların baş sayı, habelə bütün göstəricilər üzrə heyvandarlıq məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Rayonda 10 min hektar sahənin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar layihə artıq başa çatdırılır. Aqroparkın yaradılması məqsədilə 4000 hektar torpaq sahəsinin ayrılması istiqamətində tədbirlər görülür.
Hesabat yığıncağında tikinti-quruculuq və abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi və təbii qazla normal təminatı və sair sahələrdə görülən işlər geniş təhlil edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.