REGİONLAR
Zərdabda 18 min 866 hektarda taxıl əkilib
Zərdab, 17 dekabr, AZƏRTAC
Zərdab rayonunda payızlıq taxıl səpini başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə bölgədə 18 min 866 hektarda payızlıq taxıl əkilib. Bundan 12 min 313 hektarı buğda, qalanı isə arpadır. Bu il əkin sahələri ötən ildəkindən 1859 hektar çoxdur. Əkində əsasən yerli şərait üçün daha əlverişli olan “Murov-2”, “Qobustan”, “Bezostiya-1”, “Aran” buğda, “Qarabağ-22” arpa sortlarından istifadə edilib.
Taxıl əkininə əlavə torpaq sahələrinin cəlb edilməsi istiqamətində ardıcıl iş aparılıb, Bəyimli qəsəbə, Körpükənd, Məlikli, Callı, Alıcanlı və bir sıra digər ərazi vahidlərində əkinə xeyli əlavə torpaq sahələri ayrılıb.
Erkən səpin aparılan ərazilərdə normal çıxış alınıb. Hazırda gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır.