REGİONLAR
Zərdabda güclü küləyin aşırdığı ağac bir nəfərin ölümünə səbəb olub
Zərdab, 22 may, AZƏRTAC
Mayın 21-də saat 15:00-dan başlayan, yağış və dolu ilə müşayiət olunan güclü külək Zərdab rayonunda ciddi fəsadlar törədib, bir nəfərin ölümü ilə nəticələnib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirilib ki, təbii fəlakət vaxtı Zərdab şəhər sakini, 1985-ci il təvəllüdlü Davudov Qənimət Həmzət oğlu Gödəkqobu kəndində atasının həyətində təsərrüfat işlərinə kömək edərkən küləyin aşırdığı ağac onun üstünə düşüb və o, yerindəcə dünyasını dəyişib.
Güclü külək və yağış nəticəsində çoxsaylı elektrik və rabitə dirəkləri uçub, dam örtükləri yerindən qopub, rayonun bütün ərazisi işıqsız qalıb. Kökündən qopan ağacların aşması nəticəsində sahibkarlıq obyektlərinə, şəxsi evlərə və digər tikililərə zərər dəyib. Yağış və dolu kənd təsərrüfatı bitkilərinə, xüsusən 400 hektara yaxın pambıq sahəsinə, habelə taxıl əkinlərinə də ciddi ziyan vurub.
Mayın 22-də səhər tezdən rayon icra hakimiyyətinin başçısı yanında operativ müşavirə keçirilib, baş verən təbii fəlakətin nəticələrini aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilib. Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.