REGİONLAR
Zərdabda ümumi məhsul istehsalında aqrar sektorun payı 54,9 faiz təşkil edib
Zərdab, 14 fevral, AZƏRTAC
Aqrar sektorda aparılan islahatlar, bu sahəyə göstərilən dövlət dəstəyi Zərdabda ümumi məhsul buraxılışında kənd təsərrüfatının çəkisini artırıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, keçən il iqtisadiyyatın əsas sahələrində 99 milyon 326 min manatlıq məhsul istehsal edilib. Ümumi məhsul buraxılışında kənd təsərrüfatı məhsullarının payı yarıdan çox - 54,9 faiz təşkil edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın digər bölmələrində, o cümlədən Zərdabda ixracyönümlü məhsullarin istehsal olunduğu pambıqçılıq və baramaçılıq sahələrinin yenidən dirçəldilməsi istiqamətində mühüm addımlar atılır. Belə ki, ötən il 832 hektarda pambıq yetişdirilib, 1023 ton məhsul yığılıb. Keçən il 150 qutu baramaqurdu toxumundan 5710 kiloqram barama götürülüb və “Şəki-İpək” ASC-yə təhvil verilib.
Ötən il taxılçılıqda, heyvandarlıqda da uğurlu nəticələr qazanılıb, inişilkinə nisbətən bütün sahələrdə məhsul istehsalı artıb.