REGİONLAR
Zərdabın Qaravəlli kəndində yenidən qurulan məktəb binası istifadəyə verilib
Zərdab, 28 may, AZƏRTAC
Zərdab rayonunun Qaravəlli kənd sakinləri Respublika Gününü ikiqat sevinclə qarşılayırlar. Belə ki, əsaslı şəkildə yenidən qurulan 360 şagird yerlik kənd tam orta məktəbinin binası müəllim və şagirdlərin istifadəsinə verilib.
Ötən ilin dekabrından başlanılan əsaslı təmir və yenidənqurma işləri zamanı binanın dam örtüyü, qapı və pəncərələri, sanitar texniki qovşaqları təzələnib. 23 sinif otağında, fənn laboratoriyalarında, kompyuter mərkəzində, kitabxana, iclas və idman zallarında nümunəvi şərait yaradılıb. Məktəb istilik sistemi, su anbarları və zəruri tədris avadanlıqları ilə təchiz edilib. Təhsil ocağının ətrafı abadlaşdırılıb, yaşıllıqlar salınıb. Əsaslı təmir-bərpa işləri Ərazilərin Bərpası və Yenidən Qurulması Dövlət Agentliyi tərəfindən həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, əsaslı təmir və bərpadan sonra istifadəyə verilən məktəb binasının açılış mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev mərasimdə çıxış edərək məktəbin pedaqoji kollektivini, şagird və valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə bütün sahələr kimi, təhsilin inkişafına da ciddi diqqət yetirilir. Prezident İlham Əliyev məktəb tikintisinə, mövcud tədris müəssisələrinin əsaslı təmir və bərpasına, maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi önəm verir. İcra hakimiyyətinin başçısı buna misal olaraq son illər Zərdabda 17 müasir məktəb binasının inşa edildiyini diqqətə çatdırıb.
Açılış mərasimində çıxış edən müəllim və şagirdlər, eləcə də kənd sakinləri təhsilə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonra təmir-bərpa işlərində fəallıq göstərən bir qrup inşaatçıya hədiyyələr təqdim edilib, mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.