REGİONLAR
Zərdablı fermerlər pambıqçılığın inkişafına dövlət dəstəyini yüksək qiymətləndirirlər
Zərdab, 23 sentyabr, AZƏRTAC
Zərdab rayonunda bu ilin məhsulu üçün 832 hektarda pambıq yetişdirilib və hazırda məhsul yığımı davam edir. Yığımda 150 nəfərədək işçi qüvvəsi iştirak edir və indiyədək 80 tona yaxın “ağ qızıl” toplanıb.
Pambıqçılıq Zərdabda aqrar sektorun ənənəvi sahələrindən hesab olunur. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq bu ildən kənd təsərrüfatının gəlirli sahələrindən olan, ölkəyə valyuta gətirən pambıqçılığın inkişafı üçün ciddi tədbirlər görülür. Dövlətimizin başçısının “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” sentyabrın 22-də imzaladığı Sərəncam rayonda pambıqçılıqla məşğul olan fermerlər, ümumən torpaq mülkiyyətçiləri tərəfindən böyük razılıqla qarşılanıb. Bu barədə rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Namiz Rüstəmov AZƏRTAC-ın müxbirinə deyib: “Prezident İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahın yaxşılaşdırılması məqsədi daşıyan bu Sərəncam Zərdabda əhali tərəfindən böyük razılıqla qarşılanıb. Onu da deyim ki, sakinlər arasında bu ənənəvi sahəyə artan maraq yaxın illərdə rayonda pambıq istehsalını 30 min tona çatdırmağa imkan verəcək. Təkcə gələn il 3000 hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub və hazırda bu məqsədlə tədbirlərə başlanıb”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 22-də “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulub. Subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.