REGİONLAR
Zərərli vərdişlər insan sağlamlığına təhlükədir
Naxçıvan, 28 noyabr, AZƏRTAC
Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri siqaretlə mübarizədir. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da, təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Naxçıvan Tibb Kollecində “Siqaretlə mübarizə” mövzusunda keçirilən maarifləndirici tədbirdə çıxış edən kollecin direktoru İlhamə Mustafayeva səsləndirib.
Bildirilib ki, bu gün ölkəmizin kütləvi informasiya vasitələrində tütün əleyhinə müxtəlif təbliğat kampaniyaları həyata keçirilir.
Kollecin tələbəsi Taleh Cəfərov bildirib ki, hər il dünyada siqaretin səbəb olduğu xəstəliklərdən beş milyon insan dünyasını dəyişir. Bu zərərli vərdiş ürək xəstəliklərinə səbəb olan birinci amildir. Siqaret çəkənlərin ürək döyüntüləri sağlam insanda olan döyüntülərdən dəfələrlə çox olur. Damarların sıxılması nəticəsində oksigen qidalanması zəifləyir. Tütün və tütün tüstüsü 3 min kimyəvi birləşmədən ibarətdir ki, bunların da 60-dan çoxu kanserogendir. Bu kanserogen birləşmələr genetik hüceyrələri zədələyə bilir, xərçəng şişlərinin yaranmasına səbəb olur. Siqaret çəkmək gözün zəifliyinə gətirib çıxarır.
Vurğulanıb ki, bu problemin aradan qaldırılması istiqamətində müəyyən addımlar atılmaqdadır. Əslində, ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı müəyyən qaydalar olsa da, əfsuslar olsun ki, siqaret çəkən vətəndaşlarımız bu qaydalara riayət etmirlər. İctimaiyyət də bu ciddi problemə biganə qalmamalı, hər bir şəxs bu yöndə təbliğat işi aparmalı, insanların sağlamlığının qorunması istiqamətində səylərini əsirgəməməlidir.
Sonda iştirakçılara “Siqaretin zərərlərini bilirsinizmi?” adlı məlumat vərəqləri paylanılıb.