MƏDƏNİYYƏT
Zərif duyğular şairi Mikayıl Müşfiq “Söz” ədəbi layihəsində
Bakı, 28 yanvar, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC
Azərbaycan Dövlət Kukla Teatrında (ADKT) Mədəniyyət və Turizm Nazirliyinin, “Cabir Novruz” Mədəniyyət Fondunun və “Söz” ədəbi layihəsinin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Nigar Həsənzadə tədbirin böyük şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edildiyini və bu axşam şairin yaradıcılığından bəzi nümunələrin Dövlət “Yuğ” və Pantomima teatrlarının aktyorlarının ifasında səsləndiriləcəyini bildirib.
AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu Mikayıl Müşfiqin yaradıcılığından söhbət açıb. Onun zərif poeziyasının bu gün də ürəkləri fəth etdiyini bildirib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza təmsil etdiyi qurumun təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hər il ölkəmizdə M.Müşfiqin doğum gününün “Şairlər günü” kimi bayram edildiyini söyləyib. Artıq 7-ci dəfə keçiriləcək bu bayrama bir çox ölkələrin şair və yazıçılarının da qatıldığını bildirib.
“Cabir Novruz” Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və təmsil etdiyi qurum tərəfindən görülən işlərdən söz açıb.
Tədbirdə “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadəyə və “Yuğ” Teatrının aktrisası Zabitə Alıyevaya “Mikayıl Müşfiq” ədəbi mükafatı və “Cabir Novruz” Mədəniyyət Fondunun diplomu təqdim edilib.
Gecədə şairin yaradıcılıq nümunələri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya və Mikayıl Müşfiqə həsr edilmiş film nümayiş olunub.