CƏMİYYƏT
“Zərif əllərimlə” layihəsinin icrası uğurla davam etdirilir
Bakı, 22 oktyabr, AZƏRTAC
Biləsuvar rayon gənclər və idman idarəsinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən “Zərif əllərimlə” gənc xanımların əl işləri sərgisi layihəsinin icrası uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, layihə rəhbəri Yeganə Hüseynzadə əsas məqsədin gənc xanımların fəal, yaradıcı gənc kimi formalaşmalarına, onların ictimai təşəbbüslərinin dəstəklənməsinə, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək olduğunu bildirib.
Layihənin ilk mərhələsində Biləsuvar rayonunun fəal gənclərindən ibarət könüllülər qrupu yaradılacaq. Növbəti mərhələdə qeyd olunan istiqamət üzrə müsabiqə təşkil ediləcək. Müsabiqədə məktəbli qızların və gənc xanımların əl işləri ekspertlər tərəfindən qiymətləndiriləcək. Təqdim olunan bütün əl işləri beş gün ərzində fəaliyyət göstərəcək sərgidə nümayiş etdiriləcək. Ən maraqlı əl işlərinin qalibləri mükafatlandırılacaq.