REGİONLAR


Zərif və incə naxışlı Şirvan xalçaları [FOTO] VİDEO

A+ A

Ağsu, 16 noyabr, Adil Ağayev, AZƏRTAC

Boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarolunmaz qovuşuğu, ulularımızın yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənən Azərbaycan xalçaları tarixən Yaxın Şərq, Orta Asiya, Avropa bazarlarını bəzəyib. Bu gün də dünya bazarında özünəməxsus yer tutan xalçalarımız Azərbaycan təbiətinin bütün gözəlliyini - səmanın maviliyini, meşələrin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını, ümumən vətənimizin flora və faunasını bütün incəliklərinədək əks etdirir.

Təəssüf ki, uzun illər xalqımızın digər bir çox maddi-mədəniyyət nümunələri kimi, xalçalarımız da, necə deyərlər, “kölgədə" qalmışdı. Nəhayət, müstəqilliyimiz bu qədim, gözəl sənət nümunəmizi də özümüzə qaytarıb. Təsadüfi deyil ki, “Azərbaycanın xalçası" sənəti altı il əvvəl - 2010-cu il 15-18 noyabr tarixlərində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.

Xalçalarımız Azərbaycanın ayrı–ayrı bölgələrində, o cümlədən Şirvanda özünəməxsus inkişaf dövrü keçib. “Şirvan”, “Güllüçiçi”, “Şilyan”, “Şamaxı”, “Bico” və sair adlı zərif və incə naxışlı Şirvan xalçaları ilmələrinin uyğunluğu və ahəngdarlığı ilə başqalarından seçilir. Çeşnilərdə insanları, xalqları bir-birinə bağlılığa çağıran butalar, məxsus olduğu ərazinin təbiət gözəllikləri, güllər və çiçəklər, rənglər, adətlər və sair təsvir olunur. Xalçalardakı butalarda həm də analar, qız-gəlinlər öz hisslərini, istəklərini təcəssüm etdiriblər: “Küsülü buta”, “Sevgili buta” və sair.

Şirvanda bu gün də xalçaçılar yeni çeşni modelləri üzərində çalışırlar. “Köçəri”, “Laləzar”, “Xonça”, “Novruz” məhz bu çeşnilərdəndir. İsmayıllıda, Şamaxının Ərçiman, Məlhəm, Qobustanın Nabır, Çalov, Kürdəmirin Şilyan, Muradxan, Ağsunun Bico və sair kəndlərində xanalar bu gün də işləyir, qadınlarımız el sənətini yaşadırlar. Ən əsası isə bu sənətə maraq göstərən gənc qızlarımızın sıraları getdikcə artır. İndi İsmayıllı Peşə Tədris Mərkəzində xalçaçılıq kursu fəaliyyət göstərir. Burada 20 gənc peşəkar mütəxəssislər tərəfindən öyrədilir. Mərkəzdə kurs keçən qızlar İsmayıllıda inşası davam edən xalça kombinatında işləyəcəklər. Şamaxıdakı Heydər Əliyev Mərkəzində də gənclərə xalçaçılığın sirləri öyrədilir.

Qeyd edək ki, yaxın perspektivdə bölgələrdə 10 xalça istehsalı müəssisəsinin, Sumqayıtda isə əyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrdə 1700-ə yaxın iş yerinin açılması planlaşdırılır. Xalça istehsalı müəssisələrinin sayının gələcəkdə 30-a çatdırılması və 5000 nəfərin işlə təmin olunması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.