MƏDƏNİYYƏT
“Zərifə Əliyeva-insanlara nur bəxş edən alim” adlı tədbir keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Zərifə Əliyeva-insanlara nur bəxş edən alim” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan söz açıb. Vurğulanıb ki, görkəmli alim dəyərli elmi əsərləri ilə təkcə respublikamızda deyil, həmçinin beynəlxalq aləmdə də tanınır.
Böyük alimin insani keyfiyyətlərindən danışan A.Əsgərov söyləyib ki, o, hər zaman öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb. Onun davamçıları bu gün də alimin irsindən faydalanırlar.
Natiq onun peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim olduğunu diqqətə çatdırıb. Bildirib ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə Əliyeva istər elmi fəaliyyətində əldə etdiyi uğurlarla, istərsə də şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə daim ailəsinin və Vətəninin adını ucaldıb.
Qeyd olunub ki, Zərifə Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, etibarlı silahdaşı olub.
Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar İncəsənət Xadimi Nazim Kazımov qeyd edib ki, hər il olduğu kimi, bu il də Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar olaraq respublikamızda silsilə tədbirlər keçirilir.
Böyük alimin elmi fəaliyyətindən danışan natiq vurğulayıb ki, Zərifə Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Zərifə xanım Əliyevanın həyat yolunun gənclərimizə örnək olduğunu söyləyən N.Kazımov onun xatirəsinin hər zaman qəlblərdə əbədi olaraq yaşayacağını deyib.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə müraciət olunub.