İQTİSADİYYAT


Zığ-Hövsan yolunun yenidən qurulması davam etdirilir VİDEO

Bakı, 12 iyul, AZƏRTAC

Zığ-Hövsan yolunun yenidən qurulması davam etdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə davam etdirilir.

24,5 kilometr uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6,8 kilometr olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17,7 kilometr uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur.

İlkin mərhələdə nəzərdə tutulan 6,8 kilometr yolun 1,1 kilometri hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib. 6,8 kilometrlik Zığ-Hövsan yolunun qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurulması işləri də yekunlaşmaq üzrədir. Sözügedən hissə 2 gediş 2 gəliş olmaqla, 4 hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 18,5 metr olmaqla torpaq yatağının eni 27,5 metrdir.

Layihəyə uyğun olaraq Zığ-Hövsan yolunda mühəndis-kommunikasiya xətləri köçürülüb, 1-1,5 metr dərinlikdə yol yatağında yararsız qrunt qazılaraq çıxarılıb, qazılan hissələrə karbonat materialı tökülərək yenidən kipləşdirilib, həmçinin suötürücü boru və keçidlərin inşası işləri də aparılaraq yekunlaşdırılıb.

Hazırda yolboyu asfaltlanma işləri aparılır. Yolun 2,3 kilometrinə 2 qat olmaqla, 2,5 kilometrinə isə 1 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə yola 3 qat və 27 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Bundan başqa layihə çərçivəsində hazırda səki daşlarının düzülməsi, ümumilikdə 300 metr uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 kilometr uzunluğunda beton küvetlərin inşası işləri aparılır.

Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə 3 yerdə, yolun 1,8 kilometr, 2,2 kilometr və 4,2-ci kilometrlik hissələrində yerüstü piyada keçidləri də inşa edilir. Keçidlərinin birində son tamamlanma işləri aparılır.

Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədilə layihə çərçivəsində yeni dairə və yol hissəsi də inşa edilib. 15 metr diametrində olan dairə 5 giriş-çıxışlıdır. Hazırda dairədə son tamamlanma işləri aparılır.

Yenidənqurma işləri çərçivəsində yolboyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 3 metr enində piyada səkiləri tikiləcək. Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobusların ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədilə 8 yerdə 400-500 metr uzunluğunda əlavə hərəkət zolağının salınması da nəzərdə tutulub.

Qeyd edək ki, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu salınarkən o vaxtkı hərəkət şiddətinə hesablanaraq, norma və tələblərə uyğun şəkildə inşa edilib. Hazırkı hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən isə sözügedən avtomobil yolu ilə hərəkətdə müəyyən problemlər yaşanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.