İQTİSADİYYAT


Zığ qəsəbəsinin giriş hissəsində yeni dairə inşa olunub

Bakı, 12 iyul, AZƏRTAC

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinin giriş hissəsində yeni dairə inşa olunub. Dairənin diametri 15 metr təşkil edir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edib. Dairə Zığ-Hava limanı, Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirir.

Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan avtomobil yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədilə, həmçinin dairəyə doğru yeni yol hissəsi salınıb. Bundan başqa Zığ qəsəbəsinə giriş və çıxış yolları, Hövsan yoluna normal hərəkəti təmin etmək üçün də yeni yol hissələri salınıb, mövcud yollar isə yenidən qurulub. Yeni yolların ümumi uzunluğu 1850 metr, eni isə 7-11 metr arası dəyişir. Dairə və yol kənarlarına ümumilikdə 3 min poqonmetrdən çox səki daşı düzülüb.

Hazırda ərazidə son tamamlanma işləri aparılır, yeni səki daşları düzülür, 300 metr uzunluğunda istinad divarları inşa edilir. Bu işlər tam olaraq yekunlaşandan sonra zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, dairənin və yeni yol hissələrinin inşası ilə hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və oradan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.