İQTİSADİYYAT
Zığ qəsəbəsinin girişində yeni dairə inşa olunur VİDEO
Bakı, 31 oktyabr, AZƏRTAC
Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunur.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Yeni dairənin inşası həmin ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin etmiş olacaq. Dairə Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirəcək. Bunun üçün mövcud yolun bir hissəsinin də yenidən qurulması işləri görülür.
Yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, mövcud kommunikasiya xətləri yoldan kənarlaşdırılır. Daha sonra yeni yol yatağının və yol əsasının inşası işləri aparılacaq. Sözügedən dairənin olacağı ərazidə hazırda torpaq işləri həyata keçirilir, yol yatağının inşası aparılır.
Nəzərə çatdırılıb ki, Zığ-Aeroport yolundan Zığ-Hövsan və Zığ-Suraxanı yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədilə də dairəyə doğru yeni yol hissəsi salınır. Bununla da, Hava Limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və oradan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayacaq.
Yeni dairənin və mövcud yolun bir hissəsinin yenidən qurulması işləri ilə əlaqədar Zığ qəsəbəsinə giriş hissə qısa müddətə bağlanıb. Avtonəqliyyat vasitələri alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edərək qəsəbəyə daxil ola bilərlər.