İQTİSADİYYAT
Zimbabve Azərbaycanın neft və qaz sahəsindəki təcrübəsindən bəhrələnmək istəyir
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycanın Cənubi Afrika Respublikası (CAR), eyni zamanda Zimbabvedəki səfiri Elxan Poluxov Zimbabveyə rəsmi səfəri çərçivəsində bu ölkənin enerji və enerjinin inkişafı naziri Samuel Undenqe, həmçinin onun müavinləri ilə görüşüb.
Azərbaycanın CAR-dakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Poluxov 2014-cü ildə Zimbabvenin xarici işlər naziri Simbaraşe Mumbenqeqevenin Bakıya rəsmi səfərini xatırladaraq müzakirə olunan bir sıra məsələlərə toxunub. Bildirilib ki, Azərbaycan Zimbabve ilə enerji sahəsində əlaqələrin qurulmasında maraqlıdır və bunun üçün qarşılıqlı səfərlərin təşkil edilməsi zəruridir. Azərbaycanın yerləşdiyi regionda lider dövlət olduğu, bu baxımdan müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin mövcudluğu diqqətə çatdırılıb. Səfir Azərbaycanda sürətlə gedən inkişaf prosesləri və ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib.
S.Undenqe Azərbaycanın beynəlxalq aləmdə neft ölkəsi kimi tanındığını və bu sahədə geniş təcrübəyə malik olduğunu söyləyərək rəhbərlik etdiyi nazirliyin həmin təcrübədən bəhrələnmək arzusundan söz açıb. Qeyd edilib ki, Zimbabvenin qərbində böyük təbii qaz yataqları kəşf edilib və onların istismarı üçün ölkəyə təcrübəli mütəxəssislər tələb olunur. Azərbaycanın bu məsələdə köməyi çox dəyərli olardı. Həmçinin nazir zimbabveli neft və qaz mütəxəssislərinin Azərbaycanda təhsil almalarında maraqlı olduqlarını bildirib.
Görüşdə tərəflər bir sıra praktiki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.