DÜNYA
Zimbabvedə brakonyerlər filləri sianidlə zəhərləməyə başlayıblar
Bakı, 7 oktyabr, AZƏRTAC
Zimbabvedə sianid vasitəsi ilə zəhərlənib öldürülmüş 14 filin cəsədi tapılıb. Onların çoxu “Hwange” Milli Parkında aşkarlanıb.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, öldürülən fillərin hamısının dişləri kəsilərək götürülüb.
Milli Park 53 min filin yaşayış məskənidir və burada brakonyerlik halları tez-tez müşahidə olunur. İndi isə “Hwange” parkının işçiləri Zimbabvedə dağ-mədən sənayesində geniş istifadə edilən sianid duzları vasitəsi ilə zəhərlənmə hallarının getdikcə artığını deyirlər. Məlum olub ki, zəhər filləri çox cəlb edən portağal və qarğıdalıya qatılır.
Zimbabvenin vəhşi təbiət və parklar idarəsinin mətbuat katibi Kerolayn Vaşayya-Moyo uzun illər boyu brakonyerlərin tüfəng və digər silahlardan istifadə etdiklərini deyib. Fillərin sianidlə ilk zəhərlənmə faktı isə 2013-cü ildə qeydə alınıb.