İDMAN


“Zirə” komandasında oynamış portuqaliyalı futbolçu öz ölkəsinin mətbuatına müsahibə verib

Lissabon, 30 iyun, AZƏRTAC 

Ötən mövsümü icarə əsasında “Zirə” futbol klubunda oynamış portuqaliyalı futbolçu Migel Lorenso ölkəsinin nüfuzlu “Record” nəşrinə müsahibə verib. “Azərbaycan nağıllardakı yeddibaşlı əjdaha deyil” sərlövhəli müsahibədə futbolçu ölkəmizdəki təcrübəsindən və planlarından danışıb.

İdman karyerasında ilk dəfə xaricdə oynamalı olduğunu bildirən M.Lorenso bu işi həm çətin, həm də maraqlı təcrübə kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycana dəvət alarkən bu yer haqqında məlumatı olmasa da, sonradan buranın yaxşı ölkə olduğunu öyrənib. Portuqaliyalı futbolçu ölkəmizdə yaxşı qarşılandığını, lakin mədəniyyətlərin çox fərqli olmasına çətin alışdığını söyləyib.

“Bakıda gündəlik həyat necə keçirdi?” sualına cavabında M.Lorenso Azərbaycan paytaxtını Dubaya bənzər, inkişaf edən maraqlı şəhər kimi səciyyələndirib. Deyib ki, burada avtomobil yanacağı olduqca ucuzdur. Yeməklə bağlı problem yaşamadığını, şəhərdə italyan mətbəxindən tutmuş yapon mətbəxinədək istənilən zövqə uyğun restoranların bol olmasından razılığını ifadə edib.

Jurnalistin “Sizi yenə də Azərbaycana dəvət etsələr gedərsinizmi?” sualına - “Bəli, gedərəm”, - cavabını verən portuqaliyalı futbolçu ölkəmizdə ona və ailəsinə xoş olduğunu vurğulayıb.

Müsahibənin tam mətnini aşağıda qeyd edilən linkdən oxumaq olar:

http://www.record.pt/internacional/detalhe/miguel-lourenco-o-azerbaijao-nao-e-o-monstro-de-sete-cabecas-que-imaginava.html

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.