İQTİSADİYYAT
Zirə qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır
Bakı, 30 iyul, AZƏRTAC
Xəzər rayonunun Zirə qəsəbəsində ilk dəfə su təchizatı infrastrukturunun yaradılmasına başlanılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakının kənd və qəsəbələrində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. İçməli su çatışmazlığının müşahidə olunduğu Xəzər rayonunun Zirə qəsəbəsində ilk dəfə su təchizatı infrastrukturunun yaradılmasına başlanılıb.
Qəsəbədə istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su mənbəyi Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral xətti nəzərdə tutulub. Magistral kəmərdən götürüləcək su hazırda inşası davam etdirilən və tutumu 10 min kubmetr olan Zirə su anbarına ötürüləcək. Anbar istismara verildikdən sonra Zirə qəsəbəsi ilə yanaşı, Türkan, Dübəndi, Gürgən, Pirallahı qəsəbələri də buradan qidalanacaq.
Layihənin birinci mərhələsi çərçivəsində qəsəbədə müxtəlif diametrli borularla 20 kilometr paylayıcı su xəttinin inşası və 700-ə qədər ünvanın yeni yaradılacaq şəbəkəyə qoşulması nəzərdə tutulur. Tikinti işlərinə başlanandan su şəbəkəsinin 13 kilometrlik hissəsi çəkilib, 450 ünvana birləşmə verilib, 50 ədəd yanğın hidrantı quraşdırılıb. Tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra yeni şəbəkə vasitəsilə içməli suyun verilməsinə başlanılacaq. Layihənin növbəti mərhələsində Zirə qəsəbəsinin digər hissəsində də su şəbəkəsinin yaradılması işləri davam etdiriləcək.
11 min nəfər əhalisi olan Zirə qəsəbəsində mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Bu səbəbdən əhali əsasən quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır.
Ceyranbatan-Balaxanı-Ramana-Zirə magistral su xəttinin istismara verilməsi nəticəsində uzun müddətdir içməli sudan əziyyət çəkən bir sıra yaşayış məntəqələrinə fasiləsiz suyun verilməsi təmin edilib.