İDMAN
“Zirvə”nin gənc atletləri Konyadan 5 medalla döndülər
Bakı, 25 aprel, AZƏRTAC
Türkiyənin Konya şəhərində 5-ci Ənənəvi “Beynəlxalq Rumi Uşaq İdman Oyunları” keçirilib.
AZƏRTAC xəbər verir ki, burada yüngül və ağır atletika, badminton, velosiped idmanı, gimnastika, güləş, karate, taekvondo, şahmat və üzgüçülük olmaqla, 10 idman növündə 850-dən çox idmançı iştirak edib.
Yarışlara Almaniya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Gürcüstan, Xorvatiya, İran, İspaniya, Qırğızıstan, Şimali Kipr, Kosovo, Macarıstan, Makedoniya, Moldova, Özbəkistan, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə olmaqla, 23 ölkə qatılacaq.
Aprelin 21-22-də ağır atletika üzrə yarışlarda Azərbaycan yeniyetmələr komandası da iştirak edib. U-15 qız və oğlan yığmamızdan 7 nəfər körpücük üzərinə çıxıb. Onlardan 5-i fəxr kürsüyə qalxaraq medal əldə edib.
Qızların mübarizəsində “Zirvə” Beynəlxalq İdman Klubunun atleti Sevər Məhərrəmova 53 kq çəki dərəcəsində 110 kq (50+60) nəticə ilə bürünc medal qazanıb.
Oğlanların yarışında da “Zirvə”çilər fərqləniblər. 50 kq çəki dərəcəsində Əliyev Füqan və Hüseynov Elməddin hər ikisi 166 kq nəticə göstəriblər. Ancaq Füqan rəqibindən cəmi 6 qram yüngül olduğu üçün gümüş medala sahib çıxıb.
69 kq çəki dərəcəsində klubumuzun daha bir gənc atleti Əlimərdan Alxasov 202 kq (92+110) nəticə ilə ikinci yeri tutub.
77 kq çəki dərəcəsində isə “Zirvə”nin digər ağırlıqqaldıranı Almazxan Səfərov fərqlənib. O, 210 kq (95+115) nəticə ilə bürünc medalı boynundan asıb.
Daha iki atlet – Babayev Tamerxan və Şükürlü Mail 4-cü yerə çıxaraq medalın bir addımlığında dayanıb.