İQTİSADİYYAT
Ziyad Səmədzadə: Qeyri-neft sektorunun hesabına düşən 75,7 faiz gəlir yüksək rəqəmdir
Bakı, 6 dekabr, Elvin Camalov, Tərgül Ağayeva, AZƏRTAC
2017-ci ilin dövlət büdcəsi üzrə qeyri-neft sektorunun hesabına 75,7 faiz gəlir düşür ki, bu da kifayət qədər yüksək rəqəmdir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin dekabrın 6-da keçirilən plenar iclasında deyib.
O bildirib ki, Vergilər Nazirliyində aparılan işlər, şəffaflığın artırılması, elektron xidmətdən istifadə olunması, vergi ödəyiciləri ilə əməkdaşlığın təkmilləşdirilməsi vacib istiqamətlərdən biridir. Bu da büdcə gəlirləri üzrə proqnozların vaxtında yerinə yetirilməsinə əsas yaradır.
Z.Səmədzadə qeyd edib ki, Azərbaycanda büdcə gəlirlərinin illər boyu kəsirsiz formalaşmasında gəlirlərin formalaşmasını həyata keçirən strukturların rolu var. 2016-cı ilin büdcə proqnozlarının icrası və vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi istiqamətində görülən işlər, müasir texnologiyaların geniş tətbiqi və şəffaflıq prinsiplərinə riayət edilərək aparılan funksional və struktur islahatları 2017-ci ildə də davam etdiriləcək.
“Vergilər Nazirliyi xətti ilə işlər aparılır, proqnoz göstəricilərinin ümumi daxili məhsulun 11,7 faiz qismində nəzərə alınması təklif edilir. Büdcə gəlirlərinin yığımında Vergilər Nazirliyi xətti ilə yığılan gəlirlər 45 faiz nəzərdə tutulur. Bu da cari ilin proqnozundan çoxdur”, - deyə Z.Səmədzadə vurğulayıb.