ELM VƏ TEXNOLOGİYA


Zoologiya İnstitutu Azərbaycanın ilk elmi-tədqiqat müəssisələrindəndir

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunan “Qafqaz ekosistemi: dünən, bu gün, sabah (Qafqazın 80 illik zooloji tədqiqatları)” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın ilk elmi-tədqiqat müəssisələrindən olan Zoologiya İnstitutunun keçdiyi böyük inkişaf yolundan danışıb. Bildirilib ki, ölkəmizin elm tarixində müstəsna xidmətləri olan bu institut zoologiyanın müxtəlif sahələrində elmi potensialın yaradılmasında mühüm rol oynayıb. Akademik deyib: “Bu elmi müəssisə 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsində bölmə, 1936-cı ildən isə onun bazasında institut kimi fəaliyyət göstərib. Ötən müddətdə institut Azərbaycan elminə layiqli töhfələr verib, bir neçə nəsil zooloq tədqiqatçılar yetişdirib. Bu alimlərin hər biri zoologiya elmində izini qoyub, elmi məktəb yaradıb”.

Vurğulanıb ki, Zoologiya İnstitutu hazırda Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindən biri olan elmin inkişafında yaxından iştirak edir, milli zoologiya elminin dünya elminə inteqrasiyası üçün müasir dövrün tələbləri səviyyəsində strukturun yaradılmasına çalışır.

Tədbirdə xarici ölkələrdən nüfuzlu alimlərin iştirak etdiklərini diqqətə çatdıran akademik A.Əlizadə bu baxımdan konfransın əhəmiyyətini yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Zoologiya İnstitutunun milli zoologiya elminin inkişafında rolundan, burada çalışan əməkdaşların müasir elmi istiqamətlər üzrə fəaliyyətindən söz açıb. Bildirilib ki, institut “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını əsas tutaraq biomüxtəlifliyin qorunması, kənd təsərrüfatı bitkilərinin bioloji mühafizəsinin elmi-praktik əsaslarının hazırlanması, zərərvericilərin sayının bioloji üsullarla tənzimlənməsi məqsədilə multidisiplinar tədqiqatların aparılmasını qarşıya hədəf qoyub.

Elmi müəssisənin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdıran akademik Ə.Əmiraslanov institutun Rusiyanın Zoologiya, Sitologiya, Elmi-Tədqiqat Bitki Mühafizəsi institutları və Tümen Dövlət Universiteti, Gürcüstanın Zoologiya İnstitutu, Fransanın Jozef Furye Universiteti, ABŞ-ın Texas və Kaliforniya universitetləri, Finlandiyanın Turku Universiteti, Türkiyənin Orta Doğu Texniki Universiteti, Almaniyanın Drezden Zoologiya Muzeyi və digər tanınmış xarici qurumlarla əməkdaşlığından, müştərək tədqiqatlarından danışıb.

Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətlərindən, fundamental tədqiqatlarından və əldə olunan elmi nəticələrdən söz açıb. Bildirilib ki, hazırda institutun əməkdaşları Azərbaycanın su hövzələrinin biomüxtəlifliyinin öyrənilməsi, bioloji ehtiyatların davamlı inkişafının təmin olunması və bioloji resursların bərpası, Xəzər akvakultura təsərrüfatlarının təşkili, daxili su hövzələrində balıqçılıq təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı aparılan mübarizə tədbirlərinin işlənilməsi istiqamətində elmi-tədqiqat işləri aparırlar.

İnstitutun həyata keçirdiyi elmi tədqiqatlarda müasir metodların tətbiqi məsələsinə toxunan E.Yusifov milli faunanın növ və populyasiyalarının öyrənilməsində molekulyar-genetik, riyazi-modelləşdirmə, kosmik və məsafədən tədqiqatların aparıldığını bildirib. İnstitutun direktoru bu elm müəssisəsinin zəngin kolleksiya fondundan, alimlərin beynəlxalq qrantlar hesabına apardıqları tədqiqatlardan, onların son dövrdə nəşr edilən elmi əsərlərindən, institutda yüksəkixtisaslı gənc kadrların hazırlanması, bu istiqamətdə elmi-tədqiqat və idarəetmə məsələlərindən danışıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev institutun kollektivini yubiley münasibətilə təbrik edib. O, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində bilik və bacarığını əsirgəməyən zooloq alimlərin xidmətlərini xüsusi qeyd edib.

Konfransda Türkiyənin Fırat Universitetinin Akvakultura və Balıq Xəstəlikləri Departamentinin müdiri, professor Naim Sağlam, London Kral Cəmiyyətinin üzvü, professor Rosi Skaravatti, Şmalhauzen adına Ukrayna Zoologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, professor Vitali Xarçenko, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru Qara Mustafayev, AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Tədbirdə “Elm TV” internet televiziyasının hazırladığı, Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr edilən sənədli film nümayiş olunub.

Sonra konfransın işi seksiyalar üzrə iclaslarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.