ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunda arıçılıq təsərrüfatının bazası yaradılır
Bakı, 7 iyul, Elvira Məmmədova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda arıçılıq təsərrüfatının bazası yaradılır.
Bunu institutun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov AZƏRTAC-a müsahibəsində bildirib. Alim qeyd edib ki, son vaxtlar arı xəstəlikləri, virusları və parazitlərinin çox yayılması respublikamızın arıçılıq təsərrüfatlarına ciddi ziyan vurur. Təkcə ötən il arı xəstəlikləri nəticəsində respublikada arıların təxminən 70 faizi məhv olub. Bununla əlaqədar Zoologiya İnstitutunda arı xəstəliklərini təyin edə bilən mərkəz yaradılır. Burada arı xəstəliklərinin diaqnostikası aparılacaq. Xarici ölkələrdə təcrübə keçən gənc alimlər mərkəzdə işə cəlb olunacaqlar.
İ.Ələkbərov diqqətə çatdırıb ki, yaxın vaxtlarda institutda ilan zəhərinin satışı da bərpa olunacaq. İlan zəhərindən müxtəlif dərmanlar hazırlanır, artıq ilan zəhərindən xərçəng xəstəliyinin müalicəsində də istifadə edildiyi məlum olub. Bu məsələ ilə əlaqədar Zoologiya İnstitutunun mütəxəssisləri Rusiyaya ezam olunacaq və orada müqavilə imzalanacaq.
İnstitutun direktoru bildirib ki, Azərbaycanda nərə balığının çoxaldılmasına da ehtiyac duyulur. Bu prosesi müasir metodlarla qapalı su təchizatında inkişaf etdirməklə, 10 qramlıq nərə balığının çəkisi bir il müddətində iki kiloqramadək arta bilər. Dünya təcrübəsindən faydalanaraq əmtəə nərəçiliyinin ölkəmizdə də inkişaf etməsini çox istəyirik.