ELM VƏ TƏHSİL
Zooloqlar Gədəbəydə herpetoloji tədqiqatlar aparıblar
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun bir qrup əməkdaşı “Azərbaycanın Kiçik Qafqaz təbii vilayətində (Daşkəsən-Gədəbəy) amfibilər və reptililər faunasının növ müxtəlifliyinin öyrənilməsi və onun qorunması üzrə tədbirlərinin hazırlanması” tədqiqat işi üzrə Gədəbəy rayonunda ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC–a bildiriblər ki, ekspedisiya müddətində Gədəbəy rayonunun Ağamalı və Nəriman kəndləri ətrafındakı 1500-2200 metr yüksəkliklərdə subalp çəmənlikləri, Gərgər kəndi ətrafındakı 1300 metrə qədər yüksəkliklərdə yerləşən dağətəyi otluq və biçənəklər, Miskinli və Səbətkeçməz kəndləri ətrafında Şəmkir və Qoşqar çayları ərazilərində herpetoloji tədqiqatlar aparıblar.
Tədqiqat ərazilərinin xarakterik reptili növləri qaya kərtənkələsi (Darevskia) cinsinə aid kərtənkələlər, natrix cinsindən adi suilanı, amfibi növləri isə Bufotes variabilis, Hyla orientalis, Rana macrocnemis, Pelophilax ridibundus növləridir. Bu növlərə 1300-2200 metr yüksəkliklərdə yerləşən geniş coğrafi ərazilərdə və landşaftlarda, habelə antropogen biotoplarda rast gəlinir.