ELM VƏ TƏHSİL
Zooloqlar ağcaqanadlara qarşı bioloji mübarizə metodlarının tapılması məqsədilə Xaçmazda tədqiqat aparıblar
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun parazitologiya laboratoriyasının əməkdaşları Əli Nəsirov, Könül Bünyatova və Şükür Quliyev Xaçmaz rayonu ərazisində ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, zooloqlar “Abşeron və Xəzərin Şimal-Şərq sahillərində qansoran ağcaqanadların mikrosporidilərinin öyrənilməsi və bioloji mübarizədə onlardan istifadə edilməsi” tədqiqat işi ilə əlaqədar ərazidə yerləşən su hövzələrindən material toplayıblar.
Qeyd edək ki, qansoran ağcaqanadlar insanlarda və kənd təsərrüfatı heyvanlarında bir çox infeksion və invazion xəstəliklərini yayırlar. Belə ki, tədqiqatların aparılmasında məqsəd ağcaqanadlara qarşı bioloji mübarizə metodlarının tapılması və tətbiqi olub.