MƏDƏNİYYƏT
“Zövq” sərgisi maraqla qarşılanıb
Bakı, 28 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində bu ali təhsil ocağı tələbələrinin foto əsərlərindən ibarət “Zövq” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, nümayiş olunan fotolar ADRA-nın müəllimi, peşəkar fotoqraf Tahir Məmmədovun tələbələrinin əsərlərindən ibarətdir və fotoqrafiyanın bütün janrlarını əhatə edir.
ADRA-nın rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov sərginin akademiyanın bütün fakültələrini əhatə etdiyini, tələbələrin peşəkarlıqla müxtəlif mövzuları canlandırdıqlarını və maraq obyektinin əlvanlığını xüsusi vurğulayıb.
Bildirilib ki, tələbələrin artıq ikinci olan və ənənəvi şəkil alan sərgisi bundan əvvəlki “İşıq” adlı sərgidən öz kamilliyi ilə seçilir.
Sərgidə Selcan Qurbanova, Banuçiçək Abdullazadə, Leyla Bağırlı, Cavid Hüseynov və digərlərinin fotoşəkilləri sərgilənib.
Sərgidəki şəkillər portret, nyu və digər janrları əhatə edir.
Sərgi dekabrın 5-dək davam edəcək.