REGİONLAR


“Zümrüd” Kiçik Müəssisəsi şagirdlərin geyim formaları ilə təminatında mühüm rol oynayır

A+ A

Naxçıvan, 29 avqust, AZƏRTAC

“Zümrüd” Kiçik Müəssisəsi muxtar respublikada yaradılmış ilk özəl müəssisələrdən biridir. Müəssisə 1997-ci ildə 6 nəfər işçi ilə və cəmi 10-12 avadanlıqla fəaliyyətə başlayıb.

Müəssisənin direktoru Etibar Hacıyev AZƏRTAC-a bildirib ki, istehsalı artırmaq üçün 2010-cu ildə muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan 560 min manat vəsait ayrılıb. 2011-ci il sentyabrın 9-da gündəlik istehsal gücü 150 dəst kostyum olan müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə verilib. 2013-cü ildə isə Sahibkarlığa Kömək Fondundan müəssisəyə yenidən 165 min manat kredit ayrılıb və daha bir istehsal sahəsi – gündəlik istehsal gücü 1000 ədəd olan köynək sexi fəaliyyətə başlayıb. Müəssisənin rəhbəri bir il sonra – 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən “Ən fəal işəgötürən” müsabiqəsi üzrə ikinci yerə sahib olub.

Bu gün “Zümrüd” Kiçik Müəssisəsinin hər iki sexində, ümumilikdə, 150-yə yaxın Almaniya, Yaponiya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılıb. Xammal Türkiyədən gətirilir. Keyfiyyət amili qarşıda duran əsas məsələlərdən biridir.

Direktor deyib ki, hazırda qarşıdan gələn yeni tədris ili ilə əlaqədar təhsil müəssisələrindən sifarişlər qəbul edilməkdədir. İstehsal olunan məhsullar muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, həmçinin rayon mərkəzlərindəki mağazalarda satılır. Eyni zamanda, hər il məktəbli yarmarkalarında müştərilərə məktəbli formaları təqdim edilir. Qiymətlər də münasibdir.

Müəssisə bu gün həm də hüquq-mühafizə orqanlarından, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən, Naxçıvan Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarələrindən də sifarişlər qəbul edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.