SİYASƏT
Zvi Rav-Ner: İsrail Azərbaycan ilə əlaqələrə böyük önəm verir VİDEO
Bakı, 19 yanvar AZƏRTAC
Azərbaycan və İsrail arasında mühüm strateji əməkdaşlıq mövcuddur. İsrail Azərbaycan ilə əlaqələrə böyük önəm verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə departamentinin direktor müavini Zvi Rav-Ner jurnalistlərə müsahibəsində deyib.
İki ölkə arasında güclü iqtisadi əlaqələrin olduğunu söyləyən Zvi Rav-Ner bu münasibətlərin kənd təsərrüfatı, yüksək texnologiyalar, turizm, tibb sahələrini də əhatə etdiyini diqqətə çatdırıb: “Azərbaycan-İsrail əməkdaşlığını daha da inkişaf etdirmək üçün böyük potensial var. Bunun üçün birgə səyləri gücləndirmək lazımdır. İsrail Azərbaycanın qeyri-neft sektorundakı təcrübəsini öyrənməkdə maraqlıdır. Bu il ticarət və biznes sahələrində əməkdaşlığı daha da genişləndirmək üçün ikitərəfli müqavilələrin imzalanması nəzərdə tutulur. Keçirdiyimiz görüşlərdə bu barədə müzakirələr aparıldı. Azərbaycan daha əlverişli biznes mühiti yaratmaqla İsrail biznesmenlərinin diqqətini cəlb edə bilər”.
Azərbaycanın həqiqətən də tolerantlıq nümunəsi olduğunu bildirən Zvi Rav-Ner bunun artıq bir çox dünya ölkələri ilə müqayisədə aydın göründüyünü diqqətə çatdırıb. “Bu ölkədə antisemitizm yoxdur. Azərbaycan bu sahədə dünya ölkələrinə uğurlu bir modeldir. Yəhudi icması hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss edib və burada qürurla yaşayır. Bir daha demək istəyirəm ki, Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir”.