CƏMİYYƏT
“Azəriqaz” İB-də fövqəladə halların qarşısının alınması istiqamətində biliklər daim təkmilləşdirilir
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə halların qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Həyəcan siqnalı”nın verilməsi ilə başlanan tədbirdə yanğın, qəza, fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış olub. Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev bildirib ki, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında duran əsas vəzifələrdəndir və fövqəladə halların qarşısının alınması istiqamətində biliklər daim təkmilləşdirilməlidir. Birliyin mülki müdafiə qərargahının rəisi Eltəkin Qurbanov bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb.
Sonda fövqəladə hallara dair maarifləndirici videomateriallar nümayiş etdirilib.