İQTİSADİYYAT
® “Qırmızı Ürəklər Fondu”nun prezidenti Sevda Haqverdiyeva “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyevin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif etdiyi Azərbaycan qadınlarından biri də Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyevadır.
Sevda Haqverdiyeva 1977-ci il aprelin 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini 1984–1994-cü illər ərzində 53 saylı tam orta məktəbdə alıb. Bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində başa vurub. Ali təhsilini qırmızı diplomla bitirən Sevda Haqverdiyeva əmək fəaliyyətinə “Union Texas Azerbaijan Services” (UTAS) neft şirkətində menecer kimi başlayıb. 2000-2019-cu illər ərzində “Azercell Telecom” MMC-də müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildə fəaliyyətini “Kapital Bank” ASC-nin İnsan Resursları Departamentində menecer kimi davam etdirib. Hazırda “Kapital Bank” ASC-nin Daxili kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışır. 2020-ci ilin dekabr ayında “Qırmızı Ürəklər Fondu”nun prezidenti təyin edilib.
Xatırladaq ki, “Red Hearts” - “Qırmızı Ürəklər Fondu” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.