İQTİSADİYYAT
"ADY Express" "Şimal-Cənub" marşrutu ilə dəmiryolu yükdaşımalarına start verib
Bakı, 30 avqust, AZƏRTAC
Azərbaycan və İran arasında dəmir yolu əlaqəsi hələ mövcud olmasa da, "ADY Express" şirkəti Şimal-Cənub" nəqliyyat dəhlizi ilə yükdaşımalara start verib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, son müddət ərzində şirkət sıxılmış maye qaz – butadieni İrandan Rusiyaya nəql edib. Nəql prosesi tank-konteynerlər vasitəsilə həyata keçirilib. Artıq 60-dan çox belə tank-konteyner Azərbaycan ərazisindən keçməklə şimala göndərilib. Həmin konteynerlər İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olur və sonradan Astara dəmir yolu stansiyasında platformalara yüklənərək Rusiyaya göndərilir. Həmin yüklər isə bundan əvvəl dəniz vasitəsilə İrandan Rusiyanın Həştərxan limanına nəql edilirdi. Lakin Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və Nazirlər Kabinetinin bu qərardan irəli gələn qaydaları təsdiq etməsi ilə ölkəmizdən xaricə, həmçinin əks istiqamətdə Azərbaycan ərazisindən dəmir yolu ilə nəql olunması şərti ilə yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar. Bu, öz növbəsində, Azərbaycan ərazisindən yükdaşımaların tariflərini ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə yüklər Hindistan–İran körfəzi-İran–Azərbaycan–Rusiya-Skandinaviya dövlətləri/Şimali Avropa marşrutu ilə 14 gün ərzində daşınır.