MƏDƏNİYYƏT
"Adagio" maraqla qarşılandı
Bakı, 1 iyul, Abdulla Suvar, AZƏRTAC
Hər zaman yeniliyə can atan Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə də öz ənənəsinə sadiq qaldı. Belə ki, iyulun 1-də teatrın səhnəsində "Adagio" (poetik düşüncə) adlı yeni səhnə əsərinin premyerası keçirildi. Premyeraya sənətsevərlər dəvət olunmuşdu.
Tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar Artist Nargilə Qəribova, rəqslərin quruluşu isə Elnur İsmayılova məxsus idi.
Tamaşanın nümayişindən əvvəl AZƏRTAC-a müsahibə verən Bəxtiyar Xanızadə dedi ki, ilk olaraq "Adagio" sözü xoşuna gəlib. Məşqlərinə bir neçə ay əvvəl başladığımız tamaşada əsas rolları aktrisalar canlandırır. Onlar əsl sənət nümunəsi yaratmağa çalışıblar.
“Tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər qaldırılıb. Yəqin ki, tamaşaçı söhbətin nədən getdiyini tamaşaya baxarkən daha dərindən anlayacaq”, - deyə quruluşçu rejissor vurğulayıb.
Tamaşada rollarda teatrın aktyorları - Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Elnur İsmayılov, Ceyhun Dadaşov, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Səbirə Həsənova, Rafiz Mehdizadə, Nuridə Musabəyli, Cavad Nuriyev və Leyla Atayeva canlandırıb.
Sözün, musiqinin və rəqsin vəhdətindən yoğurulmuş bu səhnə əsəri insanı dünənə apardığı qədər, həm də sabaha səsləyir. Yazıldığı gündən dillərə, könüllərə düşən, illər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan, insan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər "Adagio"nun təqdimatında sankı yenidən yazılır, yenidən kəşf olunurdu. Bu şeirlərlə səsləşən musiqi isə tamaşaçını həyat, sevgi, dünya, insan, ən əsası isə dadın haqqında daha dərindən düşünməyə səsləyirdi. Burada rəqslərdən də danışmamaq insafsızlıq olar. Altı aktrisanın göz yaşı və təbəssümlə təqdim etdikləri rəqslər də sanki yüz dəfə ölçülüb-biçilmişdi. Bir sözlə "Adagio"da hər şey yerində, nizamında idi.
Bütün bunlar deməyə əsas verir ki, tamaşa təqdim olunacaq nəyinki qarşıdakı iki gündə, hətta bundan sonrakı bütün nümayişlərdə tamaşaçı alqışı qazanacaq.