İQTİSADİYYAT
"Ağ şəhər" layihəsi çərçivəsində 22,3 kilometr uzunluğunda yeni küçələr salınır VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Paytaxtın “Xəqani Rüstəmov küçəsi və "Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində “Azəravtoyol” ASC ötən ilin iyulun 10-dan "Ağ şəhər" ərazisində yol tikinti və yeraltı piyada keçidlərinin tikinti-quraşdırma işlərinə başlayıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, adı çəkilən ərazidə layihə üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla ümumi uzunluğu 22,3 kilometr, eni isə 16 metrdən 47 metrə kimi dəyişən 63 sayda kəsişən yollar yerləşir. Yollar hər birinin eni 3,5 metr olmaqla 2, 4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6 və 10 metr təşkil edir.
Layihə çərçivəsində Xəqani Rüstəmov küçəsinin Nobel prospekti və Süleyman Vəzirov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.
Ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə yaxın dərinlikdə qazılaraq çıxarılıb. Əvəzində isə yararlı karxana materialından yol geyiminin əsası inşa olunur. Ümumilikdə 1 milyon 200 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzinə 1 milyon kubmetr yararlı karxana materialından geri dolğu işləri görülüb. Bundan əlavə, 5 min kubmetr miqdarında daş və demir-beton tikililər sökülüb.
Bəzi yollarda 12 min poqonmetr mərmər-qranit səki daşı və 8500 kubmetr piyada zolağında tamet daşları düzülüb. Yolların kənarında uzunluğu 500 metrə yaxın , hündürlüyü isə 10-15 metr arasında olan istinad divarı inşa olunub.
Ümumilikdə Xəqani Rüstəmov küçəsi də daxil olmaqla yolların 80 faizində tikinti işləri artıq yekunlaşıb. Bütün yollarda zəruri yeraltı kommunikasiya xətlərinin çəkilişi işləri də aparılıb.
Bakının Babək və Nobel prospektlərini birləşdirəcək Xəqani Rüstəmov küçəsinin 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolaqlı olması nəzərdə tutulub. Küçənin eni 45 metr, ayırıcı zolağın eni 3 metr, səkinin eninin isə bəzi yerlərdə 4,5 metr olması nəzərdə tutulub.
Qeyd olunub ki, Xəqani Rüstəmov küçəsi qərbdən paytaxtın "Yaşıl ada" adlanan müasir mərkəzi ərazisini əhatə edir. Bu küçənin abadlaşdırılması "Bakı Ağ Şəhər"in daxilində və xaricində ayrı-ayrı obyektlərə asan çıxışını təmin edəcək.
Bundan əlavə, "Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində yeraltı piyada keçidlərinin tikintisi işləri də aparılır. İki ədəd keçidin hər birinin uzunluğu 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 16 eskalatorla təmin olunacaq.
Xəqani Rüstəmov Küçəsi İlə Nobel Prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb. Hazırda keçiddə üzlənmə işləri davam etdirilir. Ümumilikdə keçidin inşası zamanı uzunluğu 14 metr olan 354 ədəd demir-beton svay, 370 ədəd beton svay, 440 metr uzunluğunda dəmir-beton rostverq, 115 ədəd dəmir-beton tir inşa edilib, 2 qat ruberoid materialı ilə izolyasiya olunub, həcmi 2500 kvadratmetr olan mərmər-qranit işlərindən xeyli hissəsi görülüb və 8 ədəd çöl şəraitində quraşdırılan eskalator sifarış olunub.
Xəqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçəsinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində isə uzunluğu 14 metr olan 354 ədəd dəmir-beton svaydan 300-ü, 370 ədəd beton svaydan 270-i inşa olunub, digər tikinti işləri davam etdirilir.