ELM VƏ TƏHSİL
"Əkinçi” qəzetinin 57-ci nömrəsi 140 illik fasilədən sonra çapdan çıxıb
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan mətbuatının ilk nümunəsi olan "Əkinçi" qəzetinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib. BSU 140 il sonra “Əkinçisayağı Əkinçi” adı altında formal olaraq "Əkinçi"nin 57-ci nömrəsini təqdim edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində Milli Məclisin deputatları, ictimai xadimlər, BSU-nun kollektivi və media nümayəndələri iştirak ediblər.
Tədbirdə layihə rəhbərləri - BSU-nun jurnalistika fakültəsinin ikinci kurs tələbələri Xəyal İbrahimzadə və Həmidağa Məcidov “Əkinçi” qəzetinin tarixi barədə məlumat veriblər. Bildirilib ki, “Əkinçi”nin ənənəsinə sadiq qalaraq qəzetin 57-ci nömrəsi əvvəlki nömrələrdə olduğu kimi daxiliyyə, elmi xəbərlər, tazə xəbərlər, əkin və ziraət xəbərləri, məktubat bölmələrindən ibarətdir. Tələbələr bu işdə onlara dəstək olan universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Layihə rəhbərləri “Əkinçisayağı Əkinçi” qəzetinin ərsəyə gəlməsi fikrinə aydınlıq gətiriblər. Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin 56-cı nömrəsində verdiyi “Biz naxoş olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq” elanını xatırladan tələbələr bildiriblər ki, biz naxoşluğu aradan qaldırdıq və qəzetin 57-ci nömrəsini çap etdik.
BSU-nun rektoru, professor Asif Hacıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, universitetin jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı Səfər Məmmədov və başqaları gənclərin işini yüksək dəyərləndiriblər.
Jurnalistika fakültəsinin “Gənc yazar” yazı müsabiqəsinin qalibi adını qazanan tələbələri Səbinə Şirməmmədova, Azadə Bayramova və Nəcəf Kazımov diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, BSU-da jurnalist ixtisası üzrə təhsil alan tələbələr üçün Həsən bəy Zərdabi adına auditoriya yaradılıb. Eyni zamanda, jurnalistika fakültəsinin təhsildə və ictimai işlərdə fəal iştirak edən ən yaxşı tələbəsinə Həsən bəy Zərdabi adına təqaüd verilir.