İQTİSADİYYAT
"Alfa Sığorta" ASC-nin lisenziyası ləğv edilib
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarına əsasən, "Alfa Sığorta" ASC-nin sığorta fəaliyyəti üçün verilmiş lisenziyası ləğv edilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, lisenziyanın ləğv olunmasına səbəb son dövrlər "Alfa Sığorta" ASC-nin maliyyə vəziyyətinin kəskin pisləşməsi, aktiv və kapitalının itirilməsi, yetərli səviyyədə ehtiyat formalaşdırmaması və öhdəliklərini icra etməməsi olub.
Artıq bir müddətdir ki, "Alfa Sığorta"dakı mövcud problemlərlə əlaqədar olaraq xüsusi nəzarət rejimi tətbiq edilirdi. Buna səbəb sığortaçının təsisçisi olan "Texnikabank"ın müflisləşməsi və bununla əlaqədar olaraq "Alfa Sığorta" ASC-nin maliyyə durumunun kritik vəziyyətə düşməsidir. Həmçinin sığorta şirkətinin idarəetmə orqanlarının qeyri-prudent fəaliyyəti və qeyri-sağlam sığorta təcrübəsi "Alfa Sığorta"nın maliyyə durumunun daha da pisləşməsi ilə nəticələnib.
Sığortaçının öhdəliklərini artırması və sistemə əlavə risklər ötürməsinin qarşısının alınması məqsədilə cari ilin aprel ayından onun İcbari Sığorta Bürosunda üzvlüyü dayandırılıb və bütövlükdə, aktiv satışlarının qarşısı alınıb.
Palata aprel ayının sonundan "Texnikabank"ın ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə "Alfa Sığorta" ASC-nin sığorta portfelinin satışı vasitəsilə sağlamlaşdırılmasına cəhd etsə də, sığortaçının yetərli likvid aktivlərlə təmin olunmuş ehtiyatlarının mövcud olmaması səbəbindən bu mümkün olmadı. Sığortaçıya əlavə kapital inyeksiyası olmadan onun maliyyə durumunun qanunvericiliyin tələbləri səviyyəsində bərpasının mümkün olmadığını və müflis təsisçisinin isə belə imkanlarının olmamasını nəzərə alaraq MBNP "Alfa Sığorta" ASC-nin lisenziyasını ləğv edib.
Direktorlar Şurasının qərarı ilə "Alfa Sığorta" ASC-yə təyin olunan müvəqqəti inzibatçı 2016-cı il avqustun 26-dan vəzifələrinin icrasına başlayıb.
"Alfa Sığorta" ASC-nin bütün öhdəlikləri üzrə sorğular Xətai rayonu, Babək prospekti, "Babək Plaza", Blok C ünvanında yerləşən müvəqqəti inzibatçıya göndərilə bilər.
Sığortalılar əlavə məlumat üçün Palataya (Tel: (012) 493-50-58 (daxili 414) və ya müvəqqəti inzibatçıya (Tel: (012) 440 07 07) müraciət edə bilərlər.