İQTİSADİYYAT


"AmCham" Azərbaycanda "ABAD" mərkəzlərinin yaradılmasını alqışlayır

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılmasını alqışlayır.

Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı Fərmana əsasən "ABAD"ın əsas məqsədi kiçik və orta sahibkarlığı dəstəkləyən layihələri həyata keçirmək və bu layihələri maliyyələşdirməsi məqsədilə fondun yaradılması, hədəf auditoriyasının müəyyənləşdirilməsi və təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması, biznes-planların hazırlanması, müxtəlif funksional xidmətlərin göstərilməsi, istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada "bir pəncərə" prinsipi əsasında təşkili, logistika məsələlərinin həlli, təcrübənin paylaşılması, istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkilidir.

"Bu Fərman, xüsusən Azərbaycanın ucqar yerlərində kənd təsərrüfatı və digər sahələrin gələcək inkişafı üçün əsas olacaq. Bu, iqtisadi şaxələndirmə və daha yüksək müqayisəli üstünlüklə müxtəlif malların ixracına da təsirsiz ötüşməyəcək. Bundan başqa, regionlarda insanların sosial-iqtisadi rifahı yaxşılaşacaq. Hüquqi məsələlər haqqında kifayət qədər məlumatı və biliyi olmayanlar "bir pəncərə" prinsipindən yararlana biləcəklər", - deyə Azərbaycanda "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib.

Ümumilikdə, Fərman vətəndaşların ölkənin sosial-iqtisadi inkişafında aktiv iştirakını təmin edəcək, regionlarda sahibkarlığı inkişaf etdirəcək və müxtəlif xidmət və maliyyə resurslarına çıxışı olan rəqabətqabiliyyətli ailə biznesləri yaradacaq.

Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən "AmCham" 270-dən çox üzvdən ibarətdir və ölkədə xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir və hazırda dövlət və özəl sektor arasında körpü rolunu oynayaraq aidiyyəti dövlət qurumları ilə davamlı konstruktiv və nəticə-əsaslı dialoqlar aparır. Palata üzv şirkətlərin biznes maraqlarını təşviq edir və Azərbaycanın biznes iqliminin inkişafında xüsusi rol oynayır. "AmCham" Azərbaycan hökuməti ilə işləməyə davam edəcək və bu təşəbbüsü sahib olduğu bütün bilik və təcrübə ilə dəstəkləməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.