İQTİSADİYYAT
"Apple" və "Cisco" şirkətləri korporativ iOS istifadəçilərinin imkanlarını genişləndirmək üçün tərəfdaşlığa başlayıb
Bakı, 4 sentyabr, AZƏRTAC
“Apple” və “Cisco” şirkətləri korporativ iOS istifadəçilərinin imkanlarını genişləndirmək üçün tərəfdaşlığa başlayıb.
“Cisco”dan AZƏRTAC-a verilən məlumata görə, “iOS dünyanın ən yaxşı mobil platformasıdır. Demək olar ki, “Fortune 500” və “Global 500” reytinqlərinə daxil olan hər bir şirkət iOS-u öz mobil strategiyasına daxil edib. Bu strategiyaya görə, “iPhone” və “iPad” bütün iş proseslərini dəyişib.
“Fortune 500" reytinqində yer alan şirkətlərin 95 faizi öz işçi heyətlərinin məhsuldarlığını yüksəltmək məqsədilə "Cisco"nun şəbəkə həllərindən və birgə iş alətlərindən bəhrələnir. Bu mühəndis və marketinq tərəfdaşlığı vasitəsilə müştərilərimizə iOS-cihazları ilə işləməyi təklif edirik. Biz birlikdə işçilərin iş məhsuldarlığını və səmərəliliyini artırmağa yardım edəcəyik”, - deyə "Cisco"nun direktorlar şurasının icraçı sədri Con Çembers bildirib.
“Apple” şirkətinin dəstəyi ilə “Cisco” iOS cihazları üçün “Cisco Spark”, “Cisco Telepresence” və “Cisco WebEx” kimi mobil, bulud və daxili istehsalat mühitlərində istifadə edilən birgə iş alətlərini optimallaşdırır.
Qeyd edək ki, “Apple” 1984-cü ildə “Macintosh” kompyuterini təqdim etməklə fərdi cihazlar aləmində inqilab edib. Hazırda bazara çıxarılan “iPhone”, “iPad”, “Mac” və “Apple Watch” qurğuları şirkəti innovasiyaların liderinə çevirib.
“Cisco” müxtəlif ölkələrdə, şəhərlərdə, sənayelərdə və dünyada fəaliyyət göstərən bütün şirkətlərdə innovasiyaların tətbiq olunmasına yardım edir və "Taməhatəli İnternet"ə (Internet of Everything, IoE) keçidi sürətləndirir. Şirkət 70 min tərəfdaşla əməkdaşlıq etməklə müştərilərinə şəbəkə, informasiya təhlükəsizliyi sistemləri, verilənlərin emalı mərkəzləri və birgə iş üçün qabaqcıl məhsul və həlləri təqdim edir.