İQTİSADİYYAT
"Azər Türk Bank" "ASAN könüllülər"ə sertifikatlar təqdim edib
Bakı, 24 iyun, AZƏRTAC
"Azər Türk Bank" və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə "ASAN könüllülər" üçün bankçılıq sahəsində təşkil olunmuş bir aylıq təlimlərdə iştirak etmiş könüllülərə sertifikatlar təqdim olunub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, layihə "ASAN School" könüllülük proqramının "Master 2" pilləsinin biznes menecment istiqaməti üzrə reallaşdırılıb. Təlimlərin keçirilməsində məqsəd əhalinin maliyyə savadlılığının artırılmasına dəstək vermək, gənclərin şəxsi inkişafını təmin etmək və onların gələcək fəaliyyətləri üçün stimul yaratmaq olub. Aprel ayında start verilmiş təlimlər zamanı "Azər Türk Bank"ın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərib, onları maraqlandıran sualları cavablandırıblar. Təlimləri uğurla başa vurmuş gənclər bankın təcrübə proqramına cəlb olunublar.
Qeyd edək ki, təlimlərin il ərzində hər rübdə bir dəfə olmaqla müntəzəm təşkili nəzərdə tutulub.