İQTİSADİYYAT
"Azəravtoyol": Bəzi ərazilərdə müşahidə olunan tıxacların yağışla əlaqəsi yoxdur
Bakı, 18 oktyabr, Elvin Camalov, AZƏRTAC
Bakı şəhərində bəzi ərazilərdə müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında hər hansı bir problem müşahidə olunmur. Ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb.
A.Nəcəflinin sözlərinə görə, bu gün Bakıda Binəqədi şosesindən başqa heç bir yolda su basma ilə bağlı problem yoxdur. Avtonəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub.
"Binəqədi şosesində isə yaxınlıqda olan bir neçə açıq su kanallarının daşması nəticəsində yola su dolub. Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır. “Sedan” tipli avtomobillərin həmin ərazidən keçməsi tövsiyə olunmur", - deyə A.Nəcəfli vurğulayıb.