İQTİSADİYYAT
"Azərbaycan Beynəlxalq Bankı” 50 mindən çox pensiyaçıya yeni kartlar təqdim edib
Bakı, 15 may, AZƏRTAC
Mayın ilk günündən etibarən "Azərbaycan Beynəlxalq Bankı” 50 mindən çox pensiyaçıya yeni kartlar təqdim edib.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kartının müddəti başa çatmış bütün pensiyaçıların öz ödənişlərini vaxtında ala bilmələri üçün "Azərbaycan Beynəlxalq Bankı" (ABB) onlara mövcud prosedurlara uyğun şəkildə müraciət edərək kartlarını dəyişməyi tövsiyə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq çərçivəsində vətəndaşlara pensiyaların ödənişini həyata keçirən "Azərbaycan Beynəlxalq Bankı" aprel-may aylarında vaxtı keçmiş kütləvi sayda pensiya kartlarının yenilənməsi prosesini uğurla davam etdirir. Proses fondun təqdim etdiyi siyahılar əsasında bankın müvafiq filial və şöbələrində həyata keçirilir.
Xatırladaq ki, ABB-nin kütləvi sayda pensiya kartlarının müddəti hər 5 ildən bir aprel-may aylarında başa çatır. Pensiya kartlarının yenilənməsi üçün filiallara müraciət edən vətəndaşların rahatlığının təmin olunması, bu prosesin hər hansı növbələr yaranmadan həyata keçirilməsi məqsədilə Bankın ofisləri gücləndirilmiş iş rejimində çalışır.
Qeyd edək ki, 36 filiala və 40 şöbəyə malik olan "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli məlumat mərkəzindən əldə etmək mümkündür.