İQTİSADİYYAT


"Azərbaycan Beynəlxalq Bankı"nın öhdəliklərinin  restrukturizasiyası planı üzrə səsvermə uğurla başa çatıb

Bakı, 18 iyul, AZƏRTAC

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası planının kreditorların iyulun 18-də keçirilmiş yığıncağında qəbul olunduğunu elan edib.

ABB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94.1 faizə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93.9 faizi planın lehinə səs verib. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, planın qəbulu üçün öhdəliklərin üçdə iki hissəsinə sahib kreditorların razılığı tələb olunur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı və Nəsimi Rayon Məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcək.

Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 milyard ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara mayın 10-dan sentyabrın 1-dək hesablanıb, ödənilməmiş faizlər ödəniləcək.

Azərbaycan hökuməti bu prosesi bankın müəyyən xarici valyutada olan öhdəliklərinin birbaşa dövlət borcuna aid edilməsi yolu ilə dəstəkləyir. Nəticədə Azərbaycanın yüksək suveren reytinqlərini nəzərə alaraq xarici kreditorlar daha etibarlı və yüksək kredit qabiliyyətli maliyyə alətləri əldə etmiş olurlar.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov səsvermənin nəticələri ilə bağlı deyib: ""Azərbaycan Beynəlxalq Bankı"nın xarici öhdəliklərinin restrukturizasiyası prosesinin uğurlu nəticəsi göstərir ki, Maliyyə Nazirliyi tərəfindən dəstəklənən bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir. Prosesin uğurla başa çatdırılması bankın 2018-ci ilin sonlarına qədər özəlləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin məqsədlərinin yerinə yetirilməsinə də şərait yaradır".

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, "Azərbaycan Beynəlxalq Bankı"nın öhdəliklərinin restrukturizasiya planının xarici kreditorların mütləq əksəriyyəti tərəfindən qəbulu Azərbaycanın bank-maliyyə sektorunun inkişafı üçün çox mühim addımdır. Palata əmindir ki, "Azərbaycan Beynəlxalq Bankı" Azərbaycanın maliyyə sistemindəki önəmli rolunu bundan sonra da davam etdirəcək".

"Bu gün "Azərbaycan Beynəlxalq Bankı" üçün mühüm tarixi gündür. Birgə səylərimiz bankın uzunmüddətli dayanıqlılığını təmin edəcək. Könüllü restrukturizasiya qərarı bankın sağlamlaşdırılması prosesində qanunauyğun addım idi. Biz bununla bankın maliyyə sağlamlaşdırmasının önəmli bir hissəsini başa çatdırdıq. Səsvermənin nəticələri göstərir ki, kreditorlarımız da bu addımı dəstəklədilər. Restrukturizasiya prosesinin başa çatdırılması bankın kapital mövqeyini gücləndirəcək və onun yeni inkişaf hədəflərinə fokuslanmasına imkan verəcək", - deyə "Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədri Xalid Əhədov diqqətə çatdırıb.

Restrukturizasiya planı hüquqi qüvvəyə mindikdən sonra hər bir kreditor informasiya memorandumunda təsvir edildiyi şəkildə nağd vəsait və/və ya yeni qiymətli kağızlar (və ya yeni qiymətli kağızların satılmasından əldə olunan nağd vəsait) alacaq.

Plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi avqustun 22-dək təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini sentyabrın 1-dən əldə etmək hüququna malik olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.