İQTİSADİYYAT


"Azərbaycan Beynəlxalq Bankı"nın reytinqlərinə yenidən baxıla bilər

Bakı, 24 may, AZƏRTAC

Yaxın günlərdə "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) reytinqlərinə yenidən baxılması gözləniləndir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyəti sədrinin birinci müavini Abbas İbrahimov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilən görüşə münasibət bildirib. Bank rəsmisi görüşün gözlənildiyindən də konstruktiv keçdiyini deyib. Onun sözlərinə görə, bankın xarici kreditorlarına üç istiqamət üzrə təkliflər təqdim olunub. Xarici öhdəliklərin restrukturizasiyası prosesi plana uyğun şəkildə davam etdiriləcək. Bu görüşdən sonra yaxın günlərdə hansı gözləntilərin olmasına gəlincə, A.İbrahimov qeyd edib ki, xarici ölkələrdə eyni prosesi keçmiş başqa bankların təcrübəsinə istinad edilsə, yaxın günlərdə ABB-nin reytinqlərinə yenidən baxılması gözləniləndir. "Ola bilər ki, beynəlxalq reytinq agentlikləri bankın reytinqlərini müvəqqəti aşağı salsınlar. Bunun bu günlərdə baş verməsi ehtimal edilir. Amma bu, bankın vəziyyətinin pisləşməsinə dəlalət etmir. Bundan əvvəl də qeyd etdiyimiz kimi, belə bir yanaşma agentliklər tərəfindən tətbiq edilən ənənəvi qaydadır. Bu, restrukturizasiya prosesində agentliklərin standartlarını və normal praktikasını əks etdirir. Restrukturizasiya prosesi keçən bankın reytinqləri aralıq mərhələdə bir qayda olaraq müvəqqəti aşağı salınır. Proses bitdikdən sonra isə yüksəlir", - deyə A.İbrahimov qeyd edib.

Bankın rəsmisi deyib ki, restrukturizasiya prosesi "Azərbaycan Beynəlxalq Bankı"nın maliyyə mövqeyini gücləndirəcək və bankın reytinqləri əvvəlkindən də yüksək səviyyədə olacaq: "Azərbaycan dövləti hər zaman "Azərbaycan Beynəlxalq Bankı"nın yanındadır və banka dəstəyini davam etdirir. Öhdəliklərin restrukturizasiyası planının elan olunması da bu bankın gələcəyinə doğru çox mühüm addımdır. Bu, kreditorlarımıza bizimlə birgə çalışmaq, "Azərbaycan Beynəlxalq Bankı"nın uğurlarına, sabit inkişafına və dayanıqlılığına əmin olmaq üçün yol xəritəsi təqdim edir. Biz restrukturizasiya prosesinin uğurla başa çatacağına tam əminik. "Azərbaycan Beynəlxalq Bankı" bu proses nəticəsində əvvəlkindən də yüksək maliyyə mövqeyinə malik olacaq.

Restruktirizasiya prosesində bankın bütün əməliyyatları normal rejimdə davam etdirəcəyini deyən A.İbrahimov "Azərbaycan Beynəlxalq Bankı"nın öz müştərilərinə əvvəlki kimi yenə də tam və yüksək keyfiyyətlə xidmət göstərəcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.